Ona inanmayan kafir, onu sevməyən yeziddir!
Toplum - abstrakt, mövcud olmayan varlıqdır. Vətən, millət, xalq, kütlə də həmçinin.
Toplum
haradasa səhər yataqdan duran, işə gedən və ya mətbəxdə eşələnən, sevən
və ya sevilən, axşam əri və ya arvadıyla yatan birisi deyil. O çörək
yemir, su içmir, səs vermir, sevmir və nifrət eləmir. Gözlə görülən,
əllə toxunulan deyil, odur ki, yaxasından tutub dartmaq, şapalaq vurmaq
və ya tənbeh etmək barəsində düşünmək bir xəyaldır. Amma əsrlərdir
filosoflardan, şairlərdən tutmuş sadə insanlara qədər hər kəs bu
xəyalın dalınca qaçır. Nə etmək olar- bəşər övladı hələ də reallıqdan
daha çox, öz xəyallarında mövcuddur. Çünki insanın xəyalı reallıqdan
daha öndədir. İstənilən realllığa həmişə müqəddimə kimi bir xəyal
mövcuddur. Bizim atdığımız addımlar soyuq və aydın reallığın deyil,
qaranlıq, şirin xəyalımızın davamıdır. Toplum və bu kimi
ümumiləşdirmələr də belə şirin xəyallardandır. Bu xəyallar bizi daha
konrket və aydın olandan yayındırır, bizi məsuliyyətdən qoruyur.
Bu,
siyasətçilərin sevdiyi üslubdur. Konkret olanı- fərdi öz nitqlərinin
qaranlıq dəhlizlərində azdırmaq onları xilas edir. Sənin evin yoxdur-
onlar vətəndən danışır. Sən dolana bilmirsən, yoxsulluq qapında keşik
çəkir- onlar iqtisadi sıçrayışdan lovğalanırlar. Sənin hüququn yoxdur-
onlar millətin azadlığından dəm vururlar. Sən yuxu olan hansısa ümumi
firavanlıq dumanında öz ayıq evsizlyini, işsizliyini, yoxsulluğunu
yaşayırsan. Amma səsin çıxmır. Çünki artıq səni inandırıblar ki,
«millət» firavandır, «xalq» razıdır, «vətən» sənin evindir, «toplum»
isə zəngindir.
Hökmdarlar öz hakimiyyətlərini bölüşməyi sevmirlər,
amma sadə insanlar üçün bir sürü ümiləşdirmələr uydururlar. Çünki
hökmdar çox gözəl dərk edir ki, «kreslo təkdir, kreslodan başqa kreslo
yoxdur», amma səni nağıla inandırır: «Hakimiyyət xalqa məxsusdur». Xalq
hanı? Xalq kimdir? Bəlkə sənsən xalq? Sənin hakimiyyətin varmı? Sən
hökm verə bilirsənmi? Bəlkə Xalq elə hökmdarın özülür? Axı hakimiyyət
yalnız ona məxsusdur! Deməli, xalq elə onun özüdür ki, var. Deməli,
vətən onun bölünməyən, paylaşılmayan iqamətgahıdır, villaları,
istirahət mərkəzləridir! Sən xalq deyilsən, Əhmədsən, İmamverdisən,
Hüseynbalasan, Aynur, Fatma, Zibeydəsən, amma xalq deyilsən. Səni,
qonşunu, qohumlarını, tanışlarını və küçədə, televizorda gördüklərini
bir yerə toplayanda belə, yenə xalq deyilsən. Hər kəsin cibində öz
pasportu, ürəyində öz dərdi var. Heç kimin cibindən XALQın şəxsiyyət
vəsiqəsi çıxmayacaq. Çünki o yoxdur. Çünki «Xalq» Hökmdarın gizli
ləqəbidir. Toplum da, millət də, kütlə də, camaat da, vətən də Odur!
Ondan başqası yoxdur! Ona inanmayan kafir, onu sevməyən yeziddir!
Sən
belə yaşamaqda davam et - aza qane ol, tapdığın bir tikə çörəyə şükür
elə, yuxudan ayılma, xəyallarına sığın, reallığı dərk etməyə çalışma…
… Yoxsa dəli olacaqsan, xəstə olacaqsan, amma yenə, yenə xalq olmayacaqsan!
Dedik
ki, hər reallığın müqəddiməsi xəyaldır. Qapısı, kandarı xəyal olan
reallıq da xəyaldır. Bəlkə bizim özümüz də xəyalıq, yuxuyuq?
Elə isə bizi kim uydurub?
Zahir Əzəmət
zahirazamat@gmail.com
Mənbə: http://news.qaynar.info/
![Support Amnesty International [russian] Support Amnesty International]( /banners/amnesty_banner1-194x49-eng.jpg)


